Avstraliyanın ilk yerli istehsal hərbi gəmisinin qalıqları aşkarlanıb
Avstraliyalı dəniz arxeoloqları ölkə ərazisində inşa edilmiş ilk hərbi gəminin - “Spitfire”nin qalıqlarını tapıblar.
“Seanews.az” xəbər verir ki, tarixi gəmi batmasından 128 il sonra Kvinslend ştatının şimal sahillərində aşkarlanıb.
Hərbi gəmi 1855-ci ilin aprelində Yeni Cənubi Uels koloniyası üçün Sidneydə, Darling-Harbour limanında Con Katbertin gəmiqayırma zavodunda inşa edilib. 16 metr uzunluğunda və 65 ton su tutumuna malik yelkənli artilleriya kateri Avstraliyanın hərbi donanma ənənəsinin və milli gəmiqayırma sənayesinin başlanğıcı hesab olunur. Gəminin taxta gövdəsinin 22 unsiya qalınlığında mis təbəqə ilə örtülməsi onun əsas xüsusiyyətlərindən biri olub.
“Spitfire” əvvəlcə müstəmləkə hökumətinə xidmət edib, sonralar Kvinslenddə pilot gəmisi və mayak şamandıralarına xidmət göstərən gəmi kimi istifadə olunub. 1885-ci ildə şəxsi mülkiyyətə satılaraq balıqçı gəmisinə çevrilib. Dörd onillikdən artıq xidmət göstərən gəmi 1898-ci ildə Avstraliyanın şimalında səfər zamanı batıb. Hadisə nəticəsində insan tələfatı qeydə alınmayıb.
Gəminin qalıqları bu ilin avqustunda Avstraliya Milli Dəniz Muzeyi və Kvinslendin Ətraf Mühit Departamentinin birgə axtarışları zamanı aşkarlanıb. Əməliyyata Avstraliya Hərbi Dəniz Qüvvələrinin “HMAS Diamantina” gəmisi dəstək verib. Gəminin sonar sistemi batmış obyektin yerini müəyyənləşdirib, sualtı araşdırma qrupu isə dəniz dibinin üzərində görünən qalıqları sənədləşdirib.
Gəminin qalıqlarının sudan çıxarılması nəzərdə tutulmur. Onlar sualtı mədəni irs haqqında qanunvericiliyə uyğun olaraq yerində qorunacaq.

