Hindistan gəmilər üçün məcburi istismar yaşını ləğv edib
Hindistan bayrağı altında üzən gəmilər üçün məcburi istismar yaşı məhdudiyyəti ləğv edilib.
“Seanews.az” xəbər verir ki, yeni qərara əsasən, gəmilər yaşından asılı olmayaraq, müəyyən edilmiş texniki və təhlükəsizlik standartlarına cavab verdikləri halda istismarda qala biləcəklər.
Həmçinin yaşı 20-dən çox olan tankerlərin, quru yük və ümumi təyinatlı gəmilərin Hindistan bayrağı altında qeydiyyatına texniki yoxlama və təsdiq proseduru əsasında icazə veriləcək. Konteyner, qazdaşıyan və kimyəvi tanker gəmiləri üçün bu yaş həddi 25 il müəyyən edilib.
Yeni qaydalar 2023-cü ildə tətbiq edilmiş və bu ilin yanvarında yenilənmiş əvvəlki məhdudiyyətləri aradan qaldırır. Yaş həddini aşan gəmilərin qeydiyyat müraciətlərinə beş nəfərdən ibarət texniki komitə baxacaq, yekun qərarı isə dəniz administrasiyası verəcək.
Qərar Hindistanın sahil ticarətində fəaliyyət göstərən xarici bayraqlı gəmilərə də şamil olunur. Lakin Hindistan limanlarına beynəlxalq reyslərlə daxil olan bütün xarici gəmilər üçün ümumi yaş məhdudiyyəti nəzərdə tutulmur.
Yeni qaydaların, əvvəlki yaş məhdudiyyətləri səbəbindən Hindistan bayrağı altında qeydiyyat planları çətinləşən MSC kimi gəmiçilik şirkətlərinə də imkan yaradacağı gözlənilir.

