Hyuston limanının pilotu ABŞ tarixində ilk dəfə dənizçinin ölümünə səbəb olma ittihamı ilə üzləşib
ABŞ-nin Hyuston Gəmi Kanalında 2024-cü ildə baş vermiş toqquşma nəticəsində yedək gəmisinin ekipaj üzvünün həlak olması ilə bağlı gəmi pilotuna qarşı cinayət ittihamı irəli sürülüb. Rəsmilərin bildirdiyinə görə, bu, ABŞ tarixində gəmi pilotunun ilk dəfə dənizçinin ölümünə səbəb olma (seaman’s manslaughter) ittihamı ilə üzləşdiyi haldır.
“Seanews.az” xəbər verir ki, Texas ştatının Cənub Dairəsi üzrə ABŞ Prokurorluğunun məlumatına görə, 39 yaşlı Darris Ornel Cefferson 2026-cı il noyabrın 18-də elan edilmiş iş üzrə ittiham aktına daxil edilib. Onun ilk məhkəmə iclası noyabrın 24-nə təyin olunub.
İttihama əsasən, 2024-cü il iyulun 19-da Liberiya bayrağı altında üzən “Yangze 7” quru yük gəmisi Hyuston Gəmi Kanalında pilotun idarəçiliyi ilə hərəkət edərkən “Miss Peggy” yedək gəmisi ilə toqquşub. Toqquşmadan sonra beş ekipaj üzvü olan “Miss Peggy” çevrilərək batıb. Dənizçilərdən dördü yaxınlıqdakı gəmi tərəfindən sudan çıxarılıb, bir nəfər isə sonradan batmış gəminin içərisində ölü tapılıb.
Prokurorluq pilotun səhlənkarlığı, diqqətsizliyi və vəzifə öhdəliklərini lazımi qaydada yerinə yetirməməsinin yedək gəmisindəki dənizçinin ölümünə səbəb olduğunu iddia edir.
ABŞ Milli Nəqliyyat Təhlükəsizliyi Şurasının (NTSB) 2026-cı ilin avqustunda açıqladığı araşdırma hesabatına görə isə, “Yangze 7” gəmisinin pilotu hadisədən əvvəl 39 dəqiqə ərzində başqa bir pilotla şəxsi telefon danışığı aparıb. Bu, onun diqqətini yayındırıb və qarşıda hərəkət edən yedək gəmisini vaxtında görməsinə mane olub. Pilot toqquşmadan cəmi iki dəqiqə əvvəl danışığı bitirib. Araşdırmada hər iki gəmidə lazımi müşahidənin təmin edilmədiyi də bildirilib.
Pilot təqsirli bilinərsə, onu 10 ilədək həbs və 250 min dollar cərimə gözləyir. Bununla belə, ittihamlar hələ məhkəmədə sübuta yetirilməyib və pilotun təqsirsizlik prezumpsiyası qüvvədədir.


