ASCO quru yük daşımalarının ümumi həcmini 37%, tranzit daşımalarını isə 113% artırıb
AZCON Holding şirkətlərindən olan ASCO 2026-cı ilin yanvar–oktyabr aylarında quru yük daşımaları üzrə ötən ilin müvafiq dövrü ilə müqayisədə daha yüksək nəticə əldə edib.
Hesabat dövründə ASCO-nun quru yük gəmiləri ilə ümumilikdə 1 milyon 538 min 110 ton yük daşınıb. 2025-ci ilin 10 ayında isə bu rəqəm 1 milyon 123 min 822 ton təşkil edib. Beləliklə, daşınan yükün həcmi əvvəlki ilin eyni dövrü ilə müqayisədə 37% artıb.
Müsbət dinamika oktyabr ayının göstəricilərində də özünü göstərib. Belə ki, 2026-cı ilin oktyabrında 122 min 922 ton yük daşınıb. Bu, ötən ilin eyni ayında qeydə alınan 104 min 756 tonla müqayisədə 18 min 166 ton və ya 17% artım deməkdir.
Tranzit yükdaşımalarında isə daha yüksək artım müşahidə olunub. Cari ilin yanvar–oktyabr aylarında quru yük gəmiləri ilə 1 milyon 124 min 188 ton tranzit yük daşınıb. 2025-ci ilin eyni dövründə bu göstərici 527 min 89 ton olub. Nəticədə tranzit daşımalarının həcmi 597 min 99 ton, başqa sözlə 113% yüksəlib.


