Çin uzaqdan idarə olunan elektrik konteyner gəmisinin sınaqlarına icazə verib
Çində 206 TEU tutumlu, tam elektrik mühərrikli və uzaqdan idarə olunan “Turing” konteyner gəmisinin sahilyanı sularda sınaqlarına icazə verilib. Gəmi bu ayın əvvəlində sifarişçiyə təhvil verilib və istismar üçün müvafiq sertifikat alıb.
“Seanews.az” xəbər verir ki, 71,8 metr uzunluğundakı gəmi “Shandong Ocean Shipping Group” şirkəti üçün “Hubei Jiangrun Shipbuilding” tərəfindən inşa edilib. Onun istismarı isə “Shangang Express (Qingdao) Shipping” şirkətinə həvalə olunub.
Gəmi hər birinin gücü 450 kVt olan iki elektrik mühərriki ilə təchiz edilib və 240 dəniz milinədək məsafə qət edə bilir.
“Turing” gəmisinin akkumulyatorları konteyner formasındadır və dəyişdirilə bilir. Hazırda batareyalar üçün iki TEU-luq yer ayrılıb, bu tutumu səkkiz TEU-ya qədər artırmaq mümkündür. Gəmi sahildən də enerji ilə doldurula bilir.
İlkin sınaqların Çindao limanının Daqan və Çyanvan terminalları arasında, eləcə də Çyanvan terminalının şimal və cənub hissələri arasında keçirilməsi planlaşdırılır. Gələcəkdə marşrutun Huanqdao–Donqjiakou və Çindao–Rişao istiqamətlərinə genişləndirilməsi nəzərdə tutulur.
Elektrik mühərrikləri ilə yanaşı, gəmidə sahildən uzaqdan idarəetmə, avtonom naviqasiya və intellektual qərarvermə sistemləri mövcuddur. “Turing” Çin Gəmiçilik Təsnifatı Cəmiyyətinin R1 təsnifat nişanını almaq üçün müraciət edib. Bu təsnifat gəmidə heyətin qalmasını, əməliyyatları izləməsini və zərurət yarandıqda müdaxilə etməsini nəzərdə tutur.
Hesablamalara görə, gəminin istismarı nəticəsində illik karbon emissiyalarını 1600 tondan çox azaltmaq mümkün olacaq.

