Çin sularına təcili daxil olan xarici gəmilər üçün hesabat tələbləri martdan qüvvəyə minəcək - TƏLƏBLƏRİN SİYAHISI
Fövqəladə hallar zamanı Çinin sularına daxil olmaq niyyətində olan xarici bayraqlı gəmilər üçün məcburi hesabat tələbləri 2025-ci il martın 1-dən qüvvəyə minəcək.
“Seanews.az” xəbər verir ki, Böyük Britaniyanın “P&I” sığorta klubu bu barədə öz üzvlərini məlumatlandırıb.
Çin Dəniz Təhlükəsizliyi İdarəsinin aydınlaşdırdığına görə, fövqəladə vəziyyətlərə heyətin xəstəliyi, avadanlığın mexaniki nasazlığı, çətinlik və əlverişsiz hava şəraiti daxildir.
Hesabat aşağıdakı məlumatları əhatə etməlidir:
1) Gəminin adı, IMO nömrəsi, çağırış siqnalı, gəmi bayrağı, gəminin növü və əlaqə məlumatları.
2) Gəmi sahibi, operator və menecer.
3) Gəminin olduğu yer, istiqaməti, sürəti və planlaşdırılan naviqasiya marşrutları.
4) Gəminin təxmini giriş və çıxış vaxtı.
5) Əsas ölçülər və suya oturumu.
6) Gəmidə olan heyət üzvlərinin və sərnişinlərin sayı, onların sağlamlıq vəziyyəti, qəza vəziyyətində olan, xəstə və ya xəsarət alanların sayı.
7) Yük haqqında məlumat, o cümlədən rəsmi adlar, BMT nömrələri, gəmidə olan təhlükəli yüklərin miqdarı.
8) Təcili yardım çağırışının əsas səbəbi, görülən tədbirlər və tələb olunan yardım.
Gəmi Çinin sularına daxil olduqdan sonra təcili hesabat forması əlavə olaraq təqdim edilməlidir.
Böyük Britaniyanın “P&I” klubunun məlumatında sularına daxil olmaq istəyən gəmilərin Çinin dəniz inzibati orqanlarının təlimatlarına əməl etməsinin vacibliyi də bildirilir. Gəmi tələb olunan hesabatları təqdim etmədikdə və ya onların göstərişlərini yerinə yetirməkdən imtina etdikdə Çinin Dəniz Administrasiyası müvafiq qanunlara və qaydalara uyğun tədbirlər görmək hüququna malikdir.