Meksika Tokio Memorandumuna qoşulub
Yaponiyanın Yokohama şəhərində Tokio Memorandumunun Limana Nəzarət Komitəsinin regional sazişin 30 illiyinə həsr olunmuş 34-cü sessiyası keçirilib.
“Seanews.az” “korabel.ru”-ya istinadən xəbər verir ki, sessiya zamanı Tokio Memorandumunun İşçi Texniki Qrupu və Liman Nəzarəti Komitəsi təşkilati və inzibati məsələləri, Memorandumda iştirak edən ölkələrin liman nəzarətinin təşkili məsələlərini müzakirə edib, liman nəzarəti sahəsində regional əməkdaşlıq planlarını təsdiqləyib.
Tokio Memorandumunun Nəzarət Komitəsi həmçinin Meksikaya Tokio Memorandumunun tamhüquqlu üzvü statusunun verilməsi barədə qərar qəbul edib.
Beləliklə, hazırda Tokio Memorandumu 22 tam üzvdən ibarətdir. Bunlar Avstraliya, Kanada, Çili, Çin, Fici, Honq-Konq (ÇXR), İndoneziya, Yaponiya, Koreya Respublikası, Malayziya, Marşal adaları, Meksika, Yeni Zelandiya, Panama, Papua-Yeni Qvineya, Peru, Filippin, Rusiya Federasiyası, Sinqapur, Tayland, Vanuatu və Vyetnamdır.
Qeyd edək ki, Gəmilərə Liman Dövlət Nəzarəti üzrə Tokio Anlaşma Memorandumu 1993-cü ildə Tokioda Asiya-Sakit Okean regionunun 18 ölkəsinin nümayəndələri tərəfindən imzalanıb.


