Aİ-nin Arktika strategiyasında dəniz təhlükəsizliyi və sualtı kabellərin mühafizəsi ön plana çəkilir
Avropa İttifaqı (Aİ) Arktika strategiyasını yeniləyərək sənəddə dəniz təhlükəsizliyinə, geosiyasi maraqların qorunmasına və sualtı infrastrukturun mühafizəsinə xüsusi yer ayırıb. Bununla yanaşı, qurum Arktikada neft, kömür və qaz hasilatına qarşı mövqeyini dəyişməyib.
“Seanews.az” xəbər verir ki, yenilənmiş strategiya çərçivəsində Avropanın buzqıran gəmilər donanmasının genişləndirilməsi, Arktikada gəmiçilik fəaliyyətini və kölgə donanmasının hərəkətini izləmək üçün dəniz təhlükəsizliyi mərkəzinin yaradılması nəzərdə tutulur. Həmçinin sualtı kabellərə təhdidlərin aşkarlanması və onların təmirinin əlaqələndirilməsi üçün xüsusi mərkəzin yaradılması planlaşdırılır.
Strategiyada Arktikada gəmiçilikdən yaranan qara karbon emissiyalarının azaldılması da diqqət mərkəzindədir. Aİ Beynəlxalq Dəniz Təşkilatının (IMO) bu emissiyaların məcburi qaydalarla tənzimlənməsinə dair təşəbbüsünü dəstəkləyir. Qara karbon buzların əriməsini sürətləndirən amillərdən biridir.
Bundan əlavə, Aİ Arktika marşrutları üzrə liman və dəmir yolu əlaqələrini gücləndirməyi, Qrenlandiyanı Avropa materiki ilə birləşdirəcək transarktik kabel layihəsini dəstəkləməyi və peyk rabitəsini inkişaf etdirməyi planlaşdırır.
Aİ-nin xarici siyasət üzrə ali nümayəndəsi Kaya Kallas bildirib ki, Rusiya və Çinin Arktikada mövcudluğunu genişləndirməsi fonunda region qlobal güclər arasında rəqabətin mühüm mərkəzinə çevrilib. Yenilənmiş strategiya Avropanın təhlükəsizlik, infrastruktur və müdafiə imkanlarının gücləndirilməsini hədəfləyir.



