Oman və İraq sahillərində iki tankerə hava hücumu olub
Oman sahillərində Küveyt bayrağı altında üzən “Al Dasma” tankeri, İraq yaxınlığında isə Liberiya bayrağı altında üzən “Soyia” tankeri naməlum mərmilərlə vurulub.
“Seanews.az” bu barədə xarici mediaya istinadla xəbər verir.
Dəniz təhlükəsizliyi üzrə “Vanguard Tech” şirkətinin məlumatına görə, Küveyt bayrağı altında üzən, Küveyt Neft Tanker Şirkətinə (KOTC) məxsus “Al Dasma” gəmisinə oktyabrın 21-də, saat 01:45-də Oman sahillərindən təxminən 11 dəniz mili qərbdə zərbə endirilib. Nəticədə “Aframax” tipli tankerdə yanğın baş verib. Yanğın söndürülüb, ekipaj üzvlərinin hamısının təhlükəsiz olduğu bildirilir.
Oktyabrın 20-də isə bir aydan artıq fasilədən sonra İraq sahilləri yaxınlığında tankerə hücum qeydə alınıb. Yunanıstan şirkətinə məxsus, Liberiya bayrağı altında üzən “Soyia” tankeri Əl-Fav limanından təxminən 30 dəniz mili cənub-şərqdə hücuma məruz qalıb. Ekipajın xəsarət almadığı, gəmiyə isə zərər dəymədiyi bildirilib.
Vaşinqton Yaxın Şərq Siyasəti İnstitutunun baş elmi əməkdaşı Noam Raydenin məlumatına görə, oktyabr ayı ərzində Hörmüz boğazında və ətraf sularda azı 28 hücum barədə məlumat verilib və bu hücumlar təsdiqlənib.

