Panama kanalında illik yükdaşımaların həcminə görə rekord qeydə alınıb
Panama kanalı 2026-cı maliyyə ilində daşınan yüklərin ümumi həcminə görə tarixi rekord müəyyən edib. Artan tələbat və qlobal ticarət marşrutlarındakı dəyişikliklər fonunda kanal vasitəsilə 521 milyon ton yük daşınıb. Bu, əvvəlki maliyyə ili ilə müqayisədə 6,5 faiz çoxdur və 2022-ci ildə qeydə alınmış 518 milyon tonluq rekordu üstələyir.
“Seanews.az” xəbər verir ki, sentyabrın 30-da başa çatan maliyyə ili ərzində kanaldan 13 951 gəmi keçib. Bu, əvvəlki maliyyə ili ilə müqayisədə 4,1% çoxdur. Daşımaların ümumi həcmi isə 6,5% artaraq 521 milyon Panama Kanalı Universal Ölçmə Sistemi (PC/UMS) tonuna çatıb.
Kanalın ümumi gəlirləri 16,6% artaraq təxminən 6,6 milyard dollar təşkil edib.
Qırmızı dənizdə təhlükəsizlik riskləri və Fars körfəzi regionundakı müharibə səbəbindən gəmilərin Süveyş kanalı əvəzinə alternativ marşrutlara yönəlməsi Panama kanalına tələbatı artırıb.
Eyni zamanda, kanalın su ehtiyatlarının idarə olunması tədbirləri nəticəsində quraqlıq dövründə belə gəmilər üçün icazə verilən maksimum suya oturma dərinliyi 50 fut (15,24 metr) səviyyəsində saxlanılıb.
Su ehtiyatlarının yaxşılaşması fonunda kanal administrasiyası “Panamax” şlüzlərindən keçən gəmilər üçün son dəqiqə rezervasiyası xidmətini də bərpa edib. Oktyabrın 15-dən etibarən gündəlik keçid rezervasiyalarının sayı 33-ə çatdırılıb.


