Qara dənizdə Azərbaycan vətəndaşlarının da olduğu yük gəmisi batıb: bir nəfər ölüb, üç nəfər itkin düşüb
Qara dənizdə, Rumıniyanın Konstansa limanı yaxınlığında “Khoryv” adlı yük gəmisi yanğından sonra batıb.
“Seanews.az” “Reuters” və “Associated Press” agentliklərinə istinadla xəbər verir ki, hadisə nəticəsində bir nəfər ölüb, üç nəfər itkin düşüb.
Məlumata görə, Komor adaları bayrağı altında üzən gəmidə ümumilikdə 13 nəfər olub: 10 Ukrayna vətəndaşı və üç Azərbaycan vətəndaşı. 9 nəfər başqa bir ticarət gəmisi tərəfindən xilas edilib, bir nəfərin isə meyiti tapılıb. Digər üç nəfərin axtarışı davam edir.
Hadisə Rumıniya sahillərindən təxminən 13 dəniz mili aralıda baş verib.
Rumıniyanın “AGERPRES” agentliyinin xəbərinə əsasən ölkənin Dəniz Koordinasiya Mərkəzi “Khoryv” gəmisinin fəlakət siqnalı barədə yerli vaxtla təxminən saat 10:00-da məlumat alıb və aidiyyəti qurumlar vəziyyətə müdaxilə edib.
Yanğının səbəbi hələlik rəsmən təsdiqlənməyib. Bununla belə, bəzi media orqanları gəminin dron hücumuna məruz qala biləcəyini bildirir. Rumıniya Prezidenti Nikuşor Dan hadisəyə görə Rusiyanı ittiham edib.
APA-nın xəbərinə görə, Avropa Komissiyasının prezidenti Ursula fon der Lyayen də insidentə münasibət bildirib.
“Qara dənizdə Rusiyanın növbəti eskalasiyasından dərin narahatam. Ukrayna və Azərbaycan ekipajının olduğu mülki gəmi Rumıniya sahilləri yaxınlığında vurulub. Bu məsuliyyətsiz hücumlar günahsız insanların həyatını hədəfə alır və beynəlxalq hüquqa açıq şəkildə ziddir”, – deyə Ursula fon der Lyayen “X” hesabında paylaşım edib.


