“Lloyd’s Register”: Limanlar nüvə enerjisindən istifadəyə indidən hazırlaşmalıdır
“Lloyd’s Register” (LR) beynəlxalq təsnifat cəmiyyəti və Britaniya Limanlar Assosiasiyası liman operatorlarını nüvə enerjisi ilə işləyən gəmilərin və kiçik modul reaktorların tətbiqinə əvvəlcədən hazırlaşmağa çağırıb. Bildirilib ki, bu texnologiyalar limanların enerji təminatını yaxşılaşdırmaqla yanaşı, karbon emissiyalarının azaldılmasına da kömək edə bilər.
“Seanews.az” xəbər verir ki, limanlarda elektrik kranları, elektriklə işləyən nəqliyyat vasitələri və gəmilərin sahildən elektrik enerjisi ilə təchizatı kimi sistemlərə tələbat artır. Mövcud elektrik şəbəkəsi isə bəzi limanların artan ehtiyaclarını qarşılamaqda çətinlik çəkir. LR-in qiymətləndirməsinə görə, 100 meqavat elektrik gücünə malik bir kiçik modul reaktor orta ölçülü limanın və onun bir neçə istifadəçisinin enerji tələbatını ödəyə bilər.
Belə sistemlər elektrik təchizatında fasilələr zamanı dayanıqlılığı artıra, həmçinin yaxınlıqdakı sənaye müəssisələrini istilik enerjisi ilə təmin edə bilər. Bununla belə, nüvə texnologiyalarının limanlarda tətbiqi üçün müvafiq tənzimləyici qaydaların hazırlanmasına və dənizçilik, nüvə energetikası sektorları arasında əməkdaşlığa ehtiyac var.
Təşkilatlar limanlara gələcək enerji tələbatını, elektrik şəbəkəsinin imkanlarını və yerli icmaların maraqlarını indidən qiymətləndirməyi tövsiyə edirlər.

