Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2026-09-19,
Seanews
Heyder Eliyev

80 yaşlı veteran dənizçinin Azərbaycan Gəmiçiliyinə həsr etdiyi 44 il - VİDEO

Səfail Məhrəməli oğlu Əliyev 1946-cı il sentyabrın 19-da Astara rayonunun Rüdəkənar kəndində dünyaya gəlib. 1965-ci ildə Astara rayon 1 №-li orta məktəbi bitirən Səfail Əliyev elə həmin il Bakı Dənizçilik Məktəbinə qəbul olub. 1974-1977-ci illərdə isə Odessa Dəniz Donanması Mühəndisləri İnstitutunun Bakı filialında ali dənizçilik təhsili alıb.   

Əmək fəaliyyətinə 1968-ci ildə Xəzər Dəniz Gəmiçiliyində motorçu kimi başlayıb. Burada baş mexanik vəzifəsinədək yüksəlib. 19 il dənizdə, xüsusilə xarici səfərlərə çıxan gəmilərdə çalışıb.  

Peşəkar dənizçi 1986-cı ildən isə Xəzər Dəniz Neft Donanmasında fəaliyyətini davam etidirib. Burada əvvəlcə mexanik, daha sonra isə donanmanın Texniki İstismar Xidmətinin rəisi olub.

Səfail Əliyev 1999-cu ildə İxtisaslaşdırılmış Dəniz Neft Donanmasında Texniki Xidmət İdarəsinin rəisi təyin olunub. 2004-cü ildən isə donanmanın baş mühəndisi vəzifəsində işləyib.

Təcrübəli mütəxəssis 2007-ci ildə Xəzər Dəniz Neft Donanmasının Gəmi Təmiri Zavoduna direktor təyin olunub. 2009-cu ilə kimi, təqaüdə çıxanədək bu vəzifədə çalışıb.

Ömrünün 44 ilini Azərbaycan Gəmiçiliyinə həsr edən Səfail Əliyevin xidmətləri dövlət tərəfindən də yüksək qiymətləndirilib. O, 2008-ci ildə “Əməkdar mühəndis” fəxri adına, 2018-ci ildə isə Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünə layiq görülüb.  

80 illik yubileyini qeyd edən Səfail Əliyev dənizçilik sahəsindəki çoxillik fəaliyyəti ilə Azərbaycan Gəmiçiliyinin veteranları sırasında xüsusi yer tutur.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır