Avstraliyada gəmiqayırma zavodu tikiləcək
Avstraliyada nüvə sualtı qayıqlarının tikintisi üçün yeni gəmiqayırma zavodunda ilk layihələndirmə işlərinə bu ilin dekabrında başlanacaq.
TASS xəbər verir ki, bu barədə ölkənin Baş nazirinin müavini Riçard Marles bildirib.
"Osbornda nüvə sualtı qayıqlarının tikintisi üçün gəmiqayırma zavodu tikiləcək. Müqaviləyə əsasən, “Australian Naval Infrastructure” şirkəti 2023-cü ilin dekabrında gəmiqayırma zavodu üçün torpaq alacaq. Onilliyin sonunda gəmiqayırma zavodu “SSN-AUKUS” layihəsinin ilk sualtı qayıqlarının tikintisinə başlayacaq”, - deyə Marles ölkənin Müdafiə Nazirliyinin yaydığı bəyanatda bildirib.
“AUKUS” 2021-ci ildə qurulan Avstraliya, Böyük Britaniya və ABŞ təhlükəsizlik tərəfdaşlığıdır.
Əvvəllər bildirildiyi kimi, alyans tərəfdaşlarının köməyi ilə Avstraliya ən azı səkkiz nüvə sualtı qayığı inşa etməyi planlaşdırır, həmçinin silahlı qüvvələrini Amerika qanadlı raketləri ilə təchiz edəcək.
Keçən iyun ayında Avstraliya Baş nazirinin müavini Riçard Marles demişdi ki, Avstraliyanın nüvə sualtı donanması 2040-cı ildən etibarən mərhələli şəkildə istifadəyə verilməlidir.
Bundan əvvəl o da bildirilmişdi ki, ABŞ öz gəmiqayırma zavodlarında ilk bir neçə sualtı qayıq tikməklə Avstraliyanın nüvə sualtı qayıqları əldə etməsi prosesini sürətləndirmək niyyətindədir.
“Seanews.az”


