Dünyada konteyner daşımaları həcminin azalacağı proqnozlaşdırır
Dünyada konteyner daşımalarının həcminin azalacağı və azalmanın bir neçə il davam edəcəyi gözlənilir. Aşağı yükdaşıma tarifləri, Avropanın zəif iqtisadiyyatı və artan geosiyasi qeyri-sabitlik nikbinliyə yer saxlamır.
“Seanews.az” xəbər verir ki, bunu “Bloomberg” “Hapag-Lloyd”-un baş direktoru Rolf Habben Yansenin bəyanatına istinadən bildirir.
“Mən yaxın 24-36 ayda nə baş verəcəyindən narahatam. Düşünürəm ki, biz azalmanı müşahidə edəcəyik. Bazar böyük təzyiq altında qalacaq. Yük daşıma tarifləri dayanıqlı dərəcədə aşağı səviyyədədir və vəziyyətin nə vaxt dəyişəcəyini proqnozlaşdırmaq mümkün deyil”, - R. Yansen deyib.
O qeyd edib ki, yükdaşıma tariflərinin aşağı olması səbəbindən “Hapag-Lloyd” gəmiçilik şirkəti bəzi xidmətləri dayandırıb. Bununla belə, daşımaların həcmi ilə bağlı R. Yansen daha optimistdir:"Biz həm dördüncü rübdə, həm də bütövlükdə 2024-cü ildə artım görəcəyik.”
“Hapag-Lloyd”-un baş direktoru hazırda işçiləri ixtisar etməyi planlaşdırmadıqlarını, lakin xərcləri azaltmaq üçün tədbirlər gördüklərini vurğulayıb.
Qlobal iqtisadi perspektivlər haqqında danışan “Hapag-Lloyd”-un baş direktoru biznes mühitinə və istehlakçı əhval-ruhiyyəsinə təsir edən məsələlərdən narahatlığını ifadə edib: “Yaxın Şərqdəki münaqişə insanların gələcəyə inamla baxmağına mane olur. Mən də hesab edirəm ki, faiz dərəcələri və inflyasiya aşağı düşəndən sonra dünya ticarətinə müsbət təsir göstərə bilər.”
R. Yansenin sözlərinə görə, Avropa “bu gün ticarət həcminin artımını təmin edən mühərrik deyil. Bu arada, ABŞ iqtisadiyyatı hələ də yaxşı vəziyyətdədir və Hindistan və Cənub-Şərqi Asiya ölkələri kimi inkişaf etməkdə olan bazarlar kifayət qədər yaxşı işlər görür”, - o, yekunlaşdırıb.


