Nəhəng gəmiqayırma şirkəti məhsuldarlığı artırmaq üçün süni intellekt əsaslı robot texnologiyalarından istifadə edəcək
ABŞ-nin ən böyük gəmiqayırma şirkəti olan “HII” artan milli təhlükəsizlik tələbləri fonunda hərbi gəmi istehsalını sürətləndirmək məqsədilə Kaliforniyanın “GrayMatter Robotics” firması ilə memorandum imzalayıb. Bu əməkdaşlıq çərçivəsində gəmiqayırma proseslərinə süni intellekt əsaslı robot texnologiyaları inteqrasiya ediləcək.
“Seanews.az” xəbər verir ki, əsas diqqət gəmi səthlərinin hazırlanması, rənglənməsi və təftişi kimi fiziki güc tələb edən işlərin avtomatlaşdırılmasına yönəlib. “GrayMatter Robotics”in süni intellekt sistemləri sayəsində qumlama, cilalama və örtük çəkmə kimi əmək tutumlu proseslərdə məhsuldarlığın 12 dəfə artırılması, səhvlərin isə 95% azaldılması hədəflənir.
“HII” rəsmisi Erik Çuninqin sözlərinə görə, şirkət 2025-ci ildə istehsal gücünü 14% artırıb və bu yeni texnologiyalar sayəsində 2026-cı ildə əlavə 15%-lik artıma nail olmağı planlaşdırır.
Tramp administrasiyasının gəmiqayırmanı prioritet elan etdiyi və ABŞ Hərbi Dəniz Qüvvələrinin donanma ehtiyaclarının artdığı bir vaxtda, “HII”nin bu addımı sənayedəki işçi çatışmazlığını aradan qaldırmaq və istehsalı sürətləndirmək üçün strateji gediş hesab olunur.


