Buzların arasında sıxılıb qalmış ovçular xilas ediliblər
ABŞ Sahil Mühafizəsi Alyaskanın ucqar Çefornak qəsəbəsi yaxınlığında buz kütlələri arasında sıxılıb qalan dörd suiti ovçusunu xilas edib.
“Seanews.az” xəbər verir ki, şənbə günü daxil olan müraciətdən sonra hərəkətə keçən xilasetmə qrupu ovçuların 24 saatdan çox köməksiz vəziyyətdə qaldığını müəyyən edib. Peyk rabitəsi vasitəsilə koordinatları dəqiqləşdirilən qrupu xilas etmək üçün Kodiak stansiyasından havaya qalxan MH-60 helikopteri əlverişsiz hava şəraiti səbəbindən yolüstü iki dəfə yanacaq dolduraraq 12 saatdan sonra hadisə yerinə çatıb.
Güclü külək, mənfi temperatur və dumanlı hava şəraitində həyata keçirilən çətin əməliyyat nəticəsində ovçular uğurla gəmiyə götürülərək sağ-salamat Çefornaka çatdırılıblar.
Helikopterin komandiri Aleksis Çavarria-Aguilar bu missiyanı Alyaska üçün xarakterik olan bütün təhlükəli hava şəraitlərini (sıfır görünüş, dağlıq ərazi və buzlaşma) eyni anda yaşadıqları ən mürəkkəb tapşırıqlardan biri kimi xarakterizə edib. Yupik xalqından olan ovçuların Alyaska yerlilərinə məxsus ovçuluq hüququndan istifadə etdikləri bildirilib.


