ASCO nümayəndələri Orta Dəhlizlə bağlı toplantıda iştirak ediblər
Qazaxıstanın Astana şəhərində “Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu” Beynəlxalq Assosiasiyasının İdarə Heyətinin iclası və Ümumi yığıncağı keçirilib.
İki gün davam edən tədbir TBNM-ə üzv dövlətlərin dənizçilik, dəmir yolu idarələri, liman və logistika şirkətlərinin nümayəndələrinin iştirakı ilə baş tutub. Toplantıda AZCON Holding şirkətlərindən olan “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin (ASCO) İdarə Heyətinin sədri Əfqan Cəlilovun rəhbərlik etdiyi nümayəndə heyəti də iştirak edib.
İclas çərçivəsində TBNM üzrə 2025-ci il üçün daşımaların həcmi, 2026-cı il üçün təsdiqlənmiş tariflər, yükdaşımaların planlaşdırılması, multimodal daşımaların rəqəmsallaşdırılması sahəsində əməkdaşlıq, həmçinin Xəzər dənizində liman və terminallar arasında konteyner daşımaları ilə bağlı məsələlər müzakirə olunub.
Müzakirələr zamanı daşımaların rəqəmsallaşdırılmasına xüsusi diqqət yetirilib. Elektron imza əsasında sənəd dövriyyəsinin tətbiqi, eləcə də gömrük orqanları ilə daşımada iştirak edən tərəflər arasında birbaşa məlumat mübadiləsinin təşkili barədə razılıq əldə olunub.
Görüşlərin yekununda multimodal daşımaların inkişafına yönəlmiş bir sıra sənədlər imzalanıb.






