Sinqapurda ilk "yaşıl logistika zənciri" yaradıldı
"Pacific International Lines" (PIL) və "PSA International" (PSA) şirkətləri DNV-nin texniki dəstəyi ilə Sinqapurda logistika sektorunda vacib yenilik edib: ölkənin ilk birgə "yaşıl logistika xidməti" istifadəyə verilib. Bu, dekarbonizasiya sahəsində mühüm addım hesab olunur.
"Seanews.az" xəbər verir ki, bu layihəni unikal edən əsas cəhət emissiyaların azaldılması prosesinin dənizlə məhdudlaşmaması, yükün limana çatdırılmasından başlayaraq bütün logistik zəncir boyu vahid sistemdə birləşdirilməsidir.
May ayında sınaqlarına başlanılacaq xidmət sayəsində yük sahibləri, aşağı karbonlu yanacaqların tətbiqi ilə əldə olunan real ekoloji səmərəni DNV tərəfindən yoxlanılmış və beynəlxalq standartlara uyğun şəkildə sənədləşdirə biləcəklər.
Tərəfdaşlar qeyd edirlər ki, bu təşəbbüs dəniz nəqliyyatında şəffaflığı artırmaqla yanaşı, müştərilərə karbon emissiyalarını idarə etmək üçün etibarlı və praktiki mexanizm təqdim edən strateji bir addımdır.


