Gəmiçilik sənayesində ECDIS bilikləri yoxlanıldı: Ciddi boşluqlar aşkar edilib
"NorthStandard" P&I klubu gəmiçilik sənayesində dənizçilərin elektron xəritə sistemlərindən (ECDIS) istifadə bacarıqlarını əks etdirən ilk genişmiqyaslı hesabatını dərc edib. Uzun illərdir davam edən təlimlərə baxmayaraq, hesabat körpü heyətinin biliklərində ciddi çatışmazlıqların olduğunu üzə çıxarıb.
"Seanews.az" xəbər verir ki, Böyük Britaniya Hidroqrafiya İdarəsi (UKHO) ilə birgə hazırlanan hesabat 5000-dən çox qiymətləndirmə nəticəsinə əsaslanır. Məlum olub ki, körpü heyətlərinin üçdə ikisi elektron xəritə yenilənmələrini müəyyən edə bilmir, demək olar ki, yarısı isə keçid planlaması zamanı düzgün xəritə miqyasına əhəmiyyət vermir. Həmçinin heyətin həyəcan siqnalları ilə xəbərdarlıqları fərqləndirməkdə və təhlükəsizlik parametrlərini tənzimləməkdə çətinlik çəkdiyi aşkar edilib.
UKHO rəsmisi Tom Mellor bildirib ki, ECDIS-dən qeyri-peşəkar istifadə naviqasiya xətalarına və sistemin düzgün işləməməsinə yol açır. Yeni S-100 standartlarına keçid ərəfəsində dənizçilərin real iş şəraitindəki peşəkarlığının artırılması təhlükəsiz gəmiçilik üçün əsas prioritetlərdən biri hesab olunur.


