Səudiyyə Ərəbistanı Krallığının nümayəndə heyəti ADDA və TTM-də olub
Səudiyyə Ərəbistanı Krallığının Nəqliyyat Baş İdarəsinin nümayəndə heyəti ölkəmizə səfəri çərçivəsində AZCON Holding şirkətlərindən olan ASCO-nun Azərbaycan Dövlət Dəniz Akademiyasında (ADDA) və Təlim Tədris Mərkəzində (TTM) olub.
Görüşlər zamanı qonaqlara ölkəmizdə dənizçilik təhsilinin inkişaf yolu, mövcud tədris infrastrukturu və müasir təlim metodları barədə ətraflı məlumat verilib. Bildirilib ki, Azərbaycanda dənizçilik təhsili zəngin ənənələrə əsaslanmaqla yanaşı, beynəlxalq standartlara uyğun şəkildə inkişaf etdirilir.
Müzakirələrdə tələbə və müəllim mübadiləsi, ikili diplom proqramlarının yaradılması və tələbələrin beynəlxalq təcrübə proqramlarına cəlb edilməsi kimi məsələlər diqqət mərkəzində olub.
Nümayəndə heyəti ADDA-nın tədris laboratoriyaları, müasir trenajor mərkəzləri, kitabxana və muzey kompleksi ilə tanış olub. Təlim Tədris Mərkəzində isə qonaqlara dənizçilərin peşə hazırlığı, sertifikatlaşdırma prosesi və mərkəzin texniki imkanları barədə geniş təqdimat nümayiş etdirilib.






