IMO-nun iclasında Oman Ərəb dənizində balinaların mühafizəsi üçün təklif irəli sürüb
Beynəlxalq Dəniz Təşkilatının (IMO) Dəniz Ətraf Mühitinin Mühafizəsi Komitəsinin (MEPC) 84-cü sessiyasının gündəliyinə Omanın irəli sürdüyü mühüm bir təklif daxil edilib. Oman Ərəb dənizi sahillərində "Xüsusi həssas dəniz ərazisi"nin yaradılması təşəbbüsü ilə çıxış edib.
"Seanews.az" xəbər verir ki, təklifdə nəsli kəsilməkdə olan ərəb qozbel balinası, göy balina və nadir dəniz tısbağalarını qorumaq üçün gəmilərin sürətinin saatda 10 dəniz milinə qədər azaldılması nəzərdə tutulur. Xüsusilə Ras əl-Hədd və Yəmən sərhədi arasındakı zonada, eləcə də Duqm və Salalah limanlarına gedən yollarda ciddi sürət məhdudiyyətləri və məcburi hesabatlılıq sisteminin tətbiqi planlaşdırılır.
Bu təşəbbüs rəsmi olaraq ekoloji xarakter daşısa da, həm də regionun təhlükəsizliyi üçün strateji əhəmiyyət kəsb edir. Yeni qaydalar Omanın 700 millik sahil zolağında qanunsuz miqrasiya və qaçaqmalçılıqla mübarizə imkanlarını gücləndirəcək. Belə ki, tətbiq olunacaq yeni radar və monitorinq sistemləri dəniz canlılarını qorumaqla yanaşı, suveren sular üzərində nəzarəti daha da effektiv edəcək.


