IMO dünyanın ən böyük Emissiya Nəzarət Zonasını təsdiqlədi
Beynəlxalq Dəniz Təşkilatının (IMO) Dəniz Ətraf Mühitinin Mühafizəsi Komitəsinin (MEPC) 84-cü sessiyasında Şimal-Şərqi Atlantika regionu dünyanın ən böyük Emissiya Nəzarət Zonası (ECA) elan edilib.
“Seanews.az” xəbər verir ki, Avropa İttifaqı ölkələri, Böyük Britaniya və İslandiya tərəfindən dəstəklənən bu qərar 2027-ci il sentyabrın 1-də qüvvəyə minəcək və 2028-ci ildən tam tətbiq olunacaq.
Yeni zona Qrenlandiya və İslandiyadan başlayaraq İspaniya və Portuqaliya sahillərinə qədər uzanır. Bu ərazidə üzən gəmilər üçün kükürd oksidləri (SOx), azot oksidləri (NOx) və bərk hissəciklərin emissiyasına dair sərt limitlər qoyulacaq; xüsusilə istifadə olunan yanacağın kükürd tərkibi 0,10%-dən çox olmamalıdır.
İclasda həmçinin dənizlərin plastik tullantılarla çirklənməsinə qarşı yeni fəaliyyət planı qəbul edilib və konteynerlərdə daşınan plastik qranulların (pelletlərin) təhlükəsizliyi üçün icbari məcəllənin hazırlanması qərara alınıb.
Bundan əlavə, Ballast sularının idarə olunması haqqında Konvensiyaya düzəlişlər təsdiqlənib və gəmilərin yaratdığı sualtı səs-küyün dəniz canlılarına mənfi təsirini azaltmaq üçün nəzərdə tutulan təlimatların tətbiqi müddəti 2028-ci ilin sonuna qədər uzadılıb.


