Kruiz gəmisində ölümcül virus yayılıb
Atlantik okeanında hərəkət edən “MV Hondius” kruiz gəmisində nadir rast gəlinən və təhlükəli hantavirus infeksiyasının yayılması nəticəsində 3 nəfər dünyasını dəyişib, ən azı 3 nəfər isə yoluxub. Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) məlumatına görə, Argentinadan yola düşən və Kabo-Verdeyə doğru hərəkət edən gəmidəki xəstələrdən birində infeksiya laboratoriya üsulu ilə təsdiqlənib, digər 5 nəfər isə şübhəli statusundadır.
"Seanews.az" xəbər verir ki, virus qurbanlarından biri gəmidə vəfat edib və meyiti Müqəddəs Yelena adasına qoyulub, onun həyat yoldaşı isə təxliyə edildiyi Cənubi Afrikada xəstəxanada keçinib. Hazırda daha bir Britaniya vətəndaşı Yohannesburqda reanimasiyadadır.
Gəmiricilər tərəfindən yayılan hantavirus ağır tənəffüs xəstəliklərinə səbəb olur və ölüm riski 40%-ə qədər çatır. Üstəlik, ÜST bu virusun nadir hallarda olsa da, insandan-insana keçə bildiyini xatırladıb.
Hazırda təxminən 150 turistin və 70 heyət üzvünün olduğu gəmi Kabo-Verdenin Praya limanı yaxınlığında lövbərdədir. ÜST digər xəstə sərnişinlərin təxliyəsi və təcrid olunması üçün gəmi operatoru "Oceanwide Expeditions" və yerli hakimiyyət orqanları ilə koordinasiyalı iş aparır. Gəminin növbəti dayanacağının İspaniyanın Kanar adaları olacağı planlaşdırılsa da, araşdırmalar və karantin tədbirləri davam edir.


