Prokurorluq hesabatına görə, "Bayesian" yaxtası heyətin səhvi ucbatından batıb
2024-cü ilin ən səs-küylü dəniz qəzalarından biri olan "Bayesian" superyaxtasının batması ilə bağlı İtaliya prokurorluğunun sifarişi ilə hazırlanan ekspert hesabatı açıqlanıb.
"Seanews.az" xəbər verir ki, hesabatda gəminin batmasına səbəb kimi hava şəraiti deyil, heyətin səhvləri, hava proqnozunun düzgün qiymətləndirilməməsi və təhlükəsizlik sistemlərinin vaxtında işə salınmaması göstərilib. Prokurorluq həmin vaxt baş verən fırtınanın idarəolunmaz olmadığını və düzgün manevrlə qəzanın qarşısının alına biləcəyini vurğulayıb.
Lakin Böyük Britaniyanın Dəniz Qəzalarının Araşdırılması Şöbəsi (MAIB) fərqli nəticəyə gəlib. Britaniyalı ekspertlərin rəyinə görə, yaxtanın texniki xüsusiyyətləri və dor ağacının quruluşu saatda 63 knotdan çox sürəti olan külək qarşısında gəminin aşma riskini artırıb və bu kritik məlumat gəminin sabitlik sənədlərində qeyd olunmayıb.
Xatırladaq ki, texnologiya milyarderi Mayk Linç də daxil olmaqla 7 nəfərin ölümü ilə nəticələnən qəza ilə bağlı kapitan və iki heyət üzvü ehtiyatsızlıqdan adam öldürmə ittihamı ilə araşdırılır.


