Nazir müavini gələcəyin dənizçiləri ilə görüşüb
ASCO-nun Azərbaycan Dövlət Dəniz Akademiyasında (ADDA) Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr olunan silsilə tədbirlər davam edir. Növbəti tədbir çərçivəsində elm və təhsil nazirinin müavini Firudin Qurbanov gələcəyin dənizçilərinin qonağı olub.
ADDA-nın rektoru vəzifəsini icra edən Eldar Qocayev Firudin Qurbanovun ölkəmizin təhsil sisteminə verdiyi töhfələri, zəngin pedaqoji təcrübəsini vurğulayaraq tələbələri onun dəyərli tövsiyələrindən bəhrələnməyə çağırıb.
Elm və təhsil nazirinin müavini Firudin Qurbanov Ümummilli liderimizin dövlət quruculuğunda, iqtisadiyyatdan mədəniyyətə qədər ən müxtəlif sahələrdə müstəsna xidmətlərindən söz açıb, onun tarixi qərarlar qəbul etmək bacarığından, milli təəssübkeşliyindən danışıb.
Sonra nazir müavini tələbələrin suallarını cavablandırıb. Xaricdə təhsil, süni intellektin tədris prosesində rolu, dənizçilik peşəsinin dünyada və ölkəmizdə əhəmiyyəti, bütövlükdə təhsil sistemi qarşısında duran vəzifələr haqqında gəncləri maraqlandıran məsələlərə aydınlıq gətirilib.






