ABŞ “Dali” gəmisinin operatoruna və nəzarətçisinə qarşı bir neçə maddə üzrə cinayət işi qaldırıb
ABŞ Ədliyyə Nazirliyi 2024-cü ilin martında Baltimorda körpünün uçmasına səbəb olan "Dali" konteyner gəmisinin operatorlarına və texniki nəzarətçisi Radhakrişnan Kartik Nairə qarşı 18 maddədən ibarət rəsmi cinayət ittihamı irəli sürüb.
"Seanews.az" xəbər verir ki, ittihamnamədə gəmi operatorları olan "Synergy Marine" (Sinqapur) və "Synergy Maritime" (Hindistan) şirkətləri sui-qəsd, qəza vəziyyəti barədə Sahil Mühafizəsinə məlumat verməmək, istintaqa mane olmaq və yalan ifadə verməkdə günahlandırılırlar.
İstintaq materiallarına görə, faciənin əsas səbəbi gəmidə aparılan qeyri-qanuni texniki dəyişikliklərdir. Məlum olub ki, gəmi heyəti generatorları yanacaqla təmin etmək üçün nəzərdə tutulmayan yuma pompasından istifadə edib. İlk elektrik kəsilməsindən sonra bu pompa avtomatik işə düşmədiyi üçün gəmi ikinci dəfə qaranlığa qərq olub və idarəetməni itirərək körpüyə çırpılıb. Ədliyyə Nazirliyi bildirib ki, lazımi yanacaq pompalarından istifadə edilsəydi, gəmi körpünün altından təhlükəsiz keçə bilərdi.
Cinayət işində həmçinin xərclərə qənaət məqsədilə təhlükəsizlik qaydalarının pozulması və ətraf mühitin çirkləndirilməsi maddələri də yer alıb.
Bu hadisə 6 yol işçisinin ölümü və ən azı 5 milyard dollar iqtisadi itki ilə nəticələnib. İyunun 1-də başlayacaq mülki məhkəmə öncəsi irəli sürülən bu ağır ittihamlar gəmi sahiblərinin öz məsuliyyətlərini gəminin dəyəri ilə məhdudlaşdırmaq cəhdlərinə ciddi zərbə vurur.


