Çin yükdaşıma tariflərini pozan qlobal gəmiçilik nəhənglərini cərimələdi
Çin Nəqliyyat Nazirliyi yükdaşıma tariflərinə dair qaydaları pozduqları üçün aralarında "MSC", "CMA CGM", "Hapag-Lloyd" və "Evergreen" kimi dünya nəhənglərinin də olduğu doqquz beynəlxalq konteyner xəttini və yeddi yerli yükdaşıma vasitəçisini cərimələyib.
"Seanews.az" xəbər verir ki, 2025-ci ilin son rübündə Quancjou, Çindao və Ninbo limanlarında aparılan yoxlamalar nəticəsində məlum olub ki, bu şirkətlər rəsmi bəyan edilmiş tarif prosedurlarına əməl etməyib və real qiymətlərlə qeydiyyata alınmış qiymətlər arasında ciddi fərqlər yaranıb.
Nazirlik bu cərimələri sektor üçün ciddi xəbərdarlıq adlandıraraq, şirkətlərdən tarif sistemlərini təkmilləşdirməyi və hesabatlılığı təmin etməyi tələb edib. Bildirilib ki, daxili bazarda intizamı qorumaq üçün liman yoxlamaları daha da intensivləşdiriləcək.
Bu addım Çin rəsmilərinin mart ayında Panama kanalındakı terminal əməliyyatları ilə bağlı "Maersk" və "MSC" rəhbərliyi ilə keçirdiyi gərgin görüşlərdən sonrakı dövrə təsadüf edir ki, bu da rəsmi Pekinin qlobal gəmiçilik şirkətləri üzərindəki nəzarətini gücləndirdiyini göstərir.


