PUA hücumuna məruz qalan “Marquise” gəmisi Bosfor boğazından təhlükəsiz keçib
Ukrayna sahillərində pilotsuz uçuş aparatı (PUA) hücumuna məruz qalan Kamerun bayraqlı "Marquise" kommersiya gəmisi gücləndirilmiş təhlükəsizlik tədbirləri altında Bosfor (İstanbul) boğazından keçirilib.
“Seanews.az” xəbər verir ki, Qara dənizdə baş verən bu insidentdən sonra gəminin boğaza daxil olması səbəbindən səhər saatlarında hərəkət ikitərəfli dayandırılıb. Əməliyyatın uğurla başa çatmasından sonra isə boğazda nəqliyyatın hərəkəti yenidən bərpa olunub.
Məlumata görə, gəminin təhlükəsiz keçidini təmin etmək üçün Türkiyə Sahil Təhlükəsizliyi Baş İdarəsinin yedək və xilasetmə gəmiləri onu müşayiət edib. Bir neçə saat davam edən nəzarətli keçiddən sonra "Marquise" heç bir problem olmadan boğazı tərk edib.
Rəsmi qurumlar hücum nəticəsində gəmiyə dəyən zərərin miqyası barədə ətraflı məlumat verməsə də, bu hadisə Qara dənizdə fəaliyyət göstərən kommersiya gəmilərinin təhlükəsizliyi ilə bağlı narahatlıqları yenidən artırıb.


