Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2026-10-25,
Seanews
Heyder Eliyev

Təxliyə təşkil edilmədiyi üçün xəstələnərək ölən balıqçıya görə gəmi kapitanı barəsində araşdırma başladılıb

Argentinalı hüquq-mühafizə orqanları göyərtədə təcili tibbi təxliyə təşkil edilmədiyi üçün xəstələnərək vəfat edən 37 yaşlı balıqçı Matias Oskar Vilçezin ölümü ilə bağlı araşdırma aparır. Federal məhkəmə gəmi kapitanının və gəmiyə məsafədən tibbi məsləhət verən sahil həkiminin hərəkətlərini araşdırır.

"Seanews.az" xəbər verir ki, Vilçez aprelin ortalarında Mər-del-Plata limanından dənizə açılan "Don Nicola" balıqçı gəmisində növbəli heyət üzvü kimi işə başlayıb. Aprelin 24-də dənizdə olarkən balıqçının sinəsində kəskin ağrılar yaranıb. Gəminin kapitanı vəziyyətlə bağlı Argentina Sahil Mühafizəsinin həkiminə məlumat verib. Həkim helikopterlə tibbi təxliyəyə ehtiyac görməyərək gəminin dərhal limana qayıtmasını və xəstənin sahilə çıxarılmasını əmr edib. Həmin vaxt gəmi limandan cəmi 25 dəniz mili məsafədə – bir neçə saatlıq yol uzaqlığında olub. Lakin hazırda araşdırılan səbəblərdən gəmi dərhal limana istiqamət almayıb. Balıqçıya isə keçici olaraq mədə dərmanı təyin edilib.

Ailənin vəkilinin sözlərinə görə, Vilçez sonrakı 17 saat ərzində gəmidə qalıb və bu müddətdə onda daxili qanaxma əlamətləri daha da şiddətlənib. O, hətta həyat yoldaşına təcili mesaj yazaraq "helikopter göndərməsini" xahiş edib. Aprelin 25-i səhər saatlarında isə heyət yoldaşları onu kabində ölmüş halda tapıblar. Tibbi ekspertiza balıqçının infarktdan dünyasını dəyişdiyini müəyyən edib.

Federal prokurorluq faktla bağlı "ölümlə nəticələnən şəxsi köməksiz vəziyyətdə qoyma" maddəsi ilə təhqiqat başladıb. Həm gəmi kapitanı, həm də dəniz mühafizəsinin həkimi istintaqa cəlb olunub. Həkim gəmiyə dərhal sahilə qayıtmaq əmri verdiyini bildirərək baş verənlərə görə cinayət məsuliyyəti daşımadığını iddia edir.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır