KR gəmilərin EEDI hesablamaları üçün yeni təlimat dərc etdi
Koreya Gəmiçilik Reyestri (KR) "HD Hyundai Heavy Industries" və "Samsung Heavy Industries" gəmiqayırma şirkətləri ilə birgə araşdırması çərçivəsində gəmilərin Konstruktiv Enerji Səmərəliliyi İndeksinin (EEDI) müəyyən edilməsi üçün yeni rəqəmsal hesablama təlimatını yayımlayıb.
“Seanews.az” xəbər verir ki, təlimat Hesablama Hidrodinamikasına (CFD) əsaslanan rəqəmsal analizlər üçün vahid metodologiya müəyyən edir. Bu metodologiya gəmilərin EEDI göstəricilərini və karbon emissiyalarını azaldan ekoloji texnologiyaların (məsələn, hava sürtünməsini azaldan sistemlər və rotor yelkənləri kimi külək hərəkətverici sistemləri) səmərəliliyini yoxlamaq üçün ənənəvi fiziki model sınaqlarına alternativ təklif edir. Belə ki, gəmilərin sınaq hovuzlarında və ya aerodinamik borularda fiziki sınaqdan keçirilməsi əvəzinə, kompüter simulyasiyalarından (CFD) istifadə olunacaq.
KR-in vitse-prezidenti Kim Dehon bildirib ki, bu birgə layihə sayəsində dənizçilik sənayesinin beynəlxalq tənzimləyici tələblərə daha çevik cavab verməsini təmin edəcək qabaqcıl texniki standart yaradılıb.
Qeyd edək ki, təlimatda yer alan hava sürtünməsi və külək hərəkətverici sistemlərinin qiymətləndirilməsinə dair xüsusi modelləşdirmə və yoxlama kriteriyaları hələlik nə Beynəlxalq Dəniz Təşkilatının (IMO), nə də Beynəlxalq Təsnifat Cəmiyyətləri Assosiasiyasının (IACS) qaydalarında tam əksini tapıb.


