IMO avtonom gəmilər üçün məcburi olmayan təhlükəsizlik kodeksini qəbul edib
Beynəlxalq Dəniz Təşkilatı (IMO) pilotsuz gəmilərin tənzimlənməsi istiqamətində yeni addım atıb. Təşkilatın Dəniz Təhlükəsizliyi Komitəsinin son iclasında beynəlxalq yükdaşımalarda istifadə olunacaq avtonom gəmilər üçün məcburi olmayan MASS (Maritime Autonomous Surface Ships) təhlükəsizlik kodeksi qəbul edilib.
“Seanews.az” xəbər verir ki, hazırda tövsiyə xarakteri daşıyan kodeksin 2028-ci ildən məcburi qaydaya çevrilməsi gözlənilir. Sənəd avtonom gəmilərin təhlükəsiz istismarı üçün ilkin beynəlxalq standartları müəyyən edir, eyni zamanda innovasiyaların inkişafına şərait yaratmağı hədəfləyir.
Kodeksdə təhlükəsiz naviqasiya əsas prioritet kimi göstərilir. Buraya gəminin ətraf mühiti fasiləsiz izləməsi, toqquşmaların qarşısının alınması qaydalarına əməl olunması və fövqəladə hallarda məsafədən və ya avtomatik idarəetmə imkanları daxildir.
Yeni qaydalar ekipajsız gəmilər üçün yanğından mühafizə, su keçirməzlik, xilasedici sistemlər, yedəyəalma və lövbər əməliyyatları kimi sahələrdə də xüsusi texniki tələblər müəyyən edir. IMO hesab edir ki, bu standartların tam tətbiqi üçün texnologiyaların inkişafı hələ illərlə davam edəcək.


