Sinqapur ammonyak bunkerlənməsi sınaqları üçün ilk icazəni verib
Sinqapurun Dəniz və Liman İdarəsi (MPA) gəmidən-gəmiyə ammonyak bunkerlənməsi üzrə ilk sınaq əməliyyatına icazə verib. Layihə Yaponiyanın “Itochu Corporation” şirkətinin törəmə müəssisələri tərəfindən həyata keçirilir və gələcəkdə MOL ilə “CMB.TECH” birgə müəssisəsinin ammonyakla işləyən yeni balkerlərinin yanacaq təminatında istifadə olunacaq.
“Seanews.az” xəbər verir ki, iki il müddətinə nəzərdə tutulan proqram çərçivəsində ammonyak bunkerlənməsi üçün xüsusi gəmi inşa edilir. Təxminən 5 min kubmetr yanacaq tutumuna malik olacaq gəminin 2027-ci ildə istismara verilməsi planlaşdırılır.
Sinqapur alternativ dəniz yanacağı kimi ammonyakın tətbiqində aparıcı ölkələrdən sayılır. İlk ammonyak bunkerlənməsi sınaqları burada 2024-cü ildə keçirilmişdi.
“Itochu” şirkəti bildirib ki, layihənin məqsədi təhlükəsiz və ekoloji dayanıqlı ammonyak bunkerlənməsi standartlarını formalaşdırmaq və gələcəkdə bu fəaliyyəti iri dənizçilik mərkəzlərində kommersiya əsaslı tətbiq etməkdir.


