Rusiyanın Ust-Luqa limanına gələn tankerin gövdəsində iki mina aşkar edilib
Rusiya rəsmiləri Belçikadan Ust-Luqa limanına gələn LPG tankerinin gövdəsində iki mina aşkar edildiyini bildiriblər. Minalar zərərsizləşdirilib, faktla bağlı cinayət işi açılıb.
“Seanews.az” xarici mediaya istinadla xəbər verir ki, Liviya bayrağı altında üzən “Arrhenius” LPG tankeri mayın 20-də Ust-Luqaya çatıb. Gəmi liman təhlükəsizliyi çərçivəsində yoxlanış üçün lövbər salarkən dalğıclar gövdəyə bərkidilmiş maqnit qurğuları aşkar ediblər. Daha sonra xüsusi partlayıcı qrupunun dronlarla apardığı yoxlama nəticəsində mühərrik bölməsi yaxınlığında iki mina olduğu təsdiqlənib. Məlumatlara görə, hər minada təxminən 7 kiloqram partlayıcı olub.
Gəmi kapitanı bildirib ki, tanker mayın 12-də Belçikanın Antverpen limanına çatıb, lakin liman işçilərinin tətili səbəbindən təxminən 36 saat açıq dənizdə gözləməli olub. Boşaltma əməliyyatı başa çatdıqdan sonra gəmi mayın 16-da birbaşa Ust-Luqaya yola düşüb və marşrut boyunca heç bir limanda dayanmayıb.


