Veteran gəmi kapitanı Kamil Muxtarov 70 illik yubileyini qeyd edir
"Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" QSC-nin (ASCO) veteran əməkdaşı Kamil Muxtarov 70 illik yubileyini qeyd edir.
Bu münasibətlə ASCO-nun Sosial inkişaf və nəqliyyat departamentinin, eləcə də Dəniz Nəqliyyatı Həmkarlar İttifaqı Respublika Komitəsinin əməkdaşları hazırda təqaüddə olan dənizçini evində ziyarət ediblər.
Görüş zamanı Kamil Muxtarovun dənizçilik sahəsindəki uzunillik fəaliyyəti və xidmətləri xatırlanıb, ona xoş arzular çatdırılıb. Yubilyar göstərilən diqqətə görə ASCO kollektivinə təşəkkürünü bildirib.
Kamil Muxtarov 1973-cü ildə Qafur Məmmədov adına Dənizçilik Məktəbinin “Gəmi sürücülüyü” ixtisasına qəbul olub. Təhsilini başa vurduqdan sonra əmək fəaliyyətinə başlayaraq uzun illər müxtəlif gəmilərdə, xüsusilə sərnişin gəmilərində məsul vəzifələrdə çalışıb.
O, uzun müddət “Sabit Orucov” və “General Əsədov” sərnişin gəmilərinin kapitanı olub.
Kamil Muxtarov səmərəli fəaliyyətinə görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq sərəncamları ilə 2017-ci ildə “Tərəqqi” medalı, 2018-ci ildə isə “Gəmiçilik sahəsində xidmətlərə görə” medalı ilə təltif edilib.



