IMO-nun təhlükəli və zərərli yüklərlə bağlı konvensiyası 2027-ci ildə qüvvəyə minəcək
Beynəlxalq Dəniz Təşkilatının (IMO) dəniz yolu ilə daşınan təhlükəli və zərərli maddələrlə bağlı 2010-cu il HNS Konvensiyası 29 noyabr 2027-ci ildə qüvvəyə minəcək.
“Seanews.az” xəbər verir ki, konvensiya dəniz yolu ilə daşınan 2 mindən çox təhlükəli və zərərli maddəni əhatə edir. Bunlara kimyəvi maddələr, turşular, gübrələr, spirtlər, mayeləşdirilmiş təbii qaz (LNG) və mayeləşdirilmiş neft qazı (LPG) daxildir.
Yeni rejimə əsasən, gəmi sahibləri baş verən zərərlərə görə birbaşa məsuliyyət daşıyacaq və sığorta təminatı təqdim etməli olacaqlar. Bundan əlavə, HNS Fondu vasitəsilə əlavə kompensasiya ödəniləcək.
IMO-nun Baş katibi Arsenio Dominqez bildirib ki, bu sənəd beynəlxalq dənizçilikdə məsuliyyət və kompensasiya sistemində mühüm boşluğu aradan qaldırır.
Hazırda Belçika, Kanada, Danimarka, Estoniya, Fransa, Almaniya, Niderland Krallığı, Norveç, Slovakiya, Cənubi Afrika, İsveç və Türkiyə daxil olmaqla 12 dövlət konvensiyaya qoşulub.


