“NYK Line” 100 faiz bioyanacaq üzrə uzunmüddətli sınaqlara başlayıb
Yaponiyanın aparıcı gəmiçilik şirkəti “NYK Line” idarə etdiyi avtomobildaşıyan gəmidə 100 faiz bioyanacağın (B100) fasiləsiz istifadəsi üzrə birillik sınaqlara başlayıb. Şirkətin məlumatına görə, istifadə olunan bioyanacaq əsasən işlənmiş bitki yağlarından əldə edilən yağ turşularının metil efirlərindən (FAME) hazırlanır.
“Seanews.az” xəbər verir ki,layihənin məqsədi bioyanacağın gəmi avadanlıqlarına təsirini qiymətləndirmək və real istismar şəraitində təhlükəsizliyini yoxlamaqdır.
NYK bundan əvvəl B24 və B30 bioyanacaq qarışıqları ilə sınaqlar keçirsə də, B100-ün uzunmüddətli istifadəsi üzrə dünya təcrübəsinin məhdud olduğu bildirilir.
Şirkət qeyd edib ki, sınaq zamanı mühərriklərin, yanacaq sistemlərinin və əməliyyat proseslərinin vəziyyəti izlənəcək. Əldə ediləcək məlumatların yüksək təmizlikli bioyanacaqların təhlükəsiz tətbiqinə və daha geniş yayılmasına töhfə verəcəyi gözlənilir.


