IMO-nun karbon qaydalarına enerji səmərəliliyi kreditlərinin daxil edilməsi təklif edilib
Beynəlxalq təsnifat cəmiyyəti ABS Beynəlxalq Dəniz Təşkilatının (IMO) xalis sıfır emissiya çərçivəsi üzrə qaydalarına enerji səmərəliliyi kreditlərinin daxil edilməsini təklif edib.
“Seanews.az” ABS-ə istinadla bu barədə xəbər verir.
Təsniffat cəmiyyəti hesab edir ki, alternativ və aşağı karbonlu yanacaqların geniş miqyasda tətbiqi zaman tələb etdiyindən, gəmi sahiblərinin enerji səmərəliliyini artıran tədbirlərə görə karbon kreditləri qazanması keçid dövründə effektiv həll ola bilər. Təşkilatın məlumatına görə, son on ildə gəmiçilikdə enerji səmərəliliyi 20 faizdən çox yaxşılaşıb və bu istiqamətdə əlavə potensial qalmaqdadır.
Təklifə əsasən, marşrutların optimallaşdırılması, hava yağlama sistemləri, külək dəstəkli hərəkət texnologiyaları və süni intellekt əsaslı qərarvermə alətləri kimi həllər hesabına əldə olunan emissiya azalmaları kreditləşdirilə bilər. Artıq qalan kreditlərin isə müxtəlif donanmalar arasında alınıb-satılması mümkün olar.
ABS bildirir ki, bu yanaşma yaşıl yanacaqların geniş yayılmasına qədər sənaye üçün real keçid mexanizmi yaradacaq, eyni zamanda gəmi sahiblərini emissiyaların azaldılmasına yönəlmiş investisiyalara təşviq edəcək. Təşkilatın fikrincə, yanacaq intensivliyi tələblərinin enerji səmərəliliyi tədbirləri ilə birləşdirilməsi IMO-nun dekarbonizasiya məqsədlərinə daha praktik şəkildə nail olunmasına kömək edə bilər.


