Almaniya sahillərində muzey-gəmi ilə yelkənli qayıq toqquşub
Almaniyanın Heliqoland adası yaxınlığında tarixi mayak-gəmi muzeyi ilə 11,5 metrlik yelkənli qayıq toqquşub. Hadisə iyunun 7-də gecə saatlarında baş verib.
“Seanews.az” xəbər verir ki, Almaniya dəniz xilasetmə xidmətləri hadisə yerinə “Verena”, “Hermann Marwede” və federal hökumətə məxsus “Neuwerk” gəmilərini cəlb edib. Xilasetmə qrupları yelkənli qayıqdakı iki nəfərin – Niderland vətəndaşları olan kişi və qadının – xəsarət almadığını təsdiqləyib. Toqquşma nəticəsində yelkənli qayıq ciddi zədələnib və dirəyi qırılıb, daha sonra yedəyə alınıb.
Hadisənin səbəbi hələlik məlum deyil. Qayıq həmin vaxt tam yelkən açmış vəziyyətdə olub, “Bürgermeister O’Swald” adlı muzey-gəmi isə Vik auf Föhr limanında keçirilən tədbirdən qayıdırmış.
Muzey-gəmidə zərər qeydə alınmayıb və o, Cuxhaven limanına qayıdıb.
Qeyd edək ki, “Elbe 1” kimi də tanınan bu gəmi dünyanın ən böyük mayak-gəmisi hesab olunur və 1948–1988-ci illərdə Elbe çayı girişində gəmiçiliyə rəhbərlik edib. 1990-cı ildən muzey-gəmi kimi fəaliyyət göstərir.


