ADDA tələbələri ümumrespublika olimpiadasında uğurla iştirak ediblər
Azərbaycan Memarlıq və İnşaat Universitetində ali təhsil müəssisələrinin tələbələri arasında “Materiallar müqaviməti” fənni üzrə keçirilən Ümumrespublika Olimpiadasına yekun vurulub.
Ölkənin 9 aparıcı ali təhsil müəssisəsindən ümumilikdə 53 tələbənin iştirak etdiyi bilik yarışına ASCO-nun Azərbaycan Dövlət Dəniz Akademiyasının (ADDA) 7 tələbəsi qatılıb. Onlar “Materiallar müqaviməti” fənninin əsas bölmələri - dartılma və sıxılma, müstəvi kəsiyinin həndəsi xarakteristikaları, dairəvi en kəsikli valların burulması üzrə bilik və bacarıqlarını nümayiş etdiriblər.
Olimpiadada uğurlu nəticələrinə görə, Akademiyanın Gəmi energetik qurğularının istismarı mühəndisliyi ixtisası üzrə təhsil alan tələbəsi Qədirov Əli İlqar oğlu IV dərəcəli diplomla, qalan tələbələr isə xüsusi sertifikatlarla mükafatlandırılıb.




