ZGTTZ-də hüquqi maarifləndirmə tədbiri keçirilib
ASCO-nun Zığ Gəmi Təmiri və Tikintisi Zavodunda (ZGTTZ) əməkdaşların hüquqi maarifləndirilməsi məqsədilə görüş keçirilib.
Tədbirdə ASCO-nun İdarə Heyəti sədrinin müşaviri Elvin Cəfərov, zavodun rəhbər şəxsləri, eləcə də Daxili İşlər Nazirliyinin Su Nəqliyyatında Polis İdarəsinin əməkdaşları iştirak ediblər.
Görüş çərçivəsində Su Nəqliyyatında Polis İdarəsinin İstintaq və Təhqiqat bölməsinin rəisi Röyal Hümbətov və Cinayət Axtarış bölməsinin rəisi Zöhrab Mayılov tərəfindən müxtəlif hüquqi mövzular üzrə təqdimatlar edilib.
Çıxışlarda informasiya təhlükəsizliyi sahəsində mövcud risklər, bank kartları ilə bağlı dələduzluq halları, dəniz nəqliyyatı obyektlərində qeydə alınan oğurluq faktları, həmçinin narkotik və psixotrop maddələrin qanunsuz dövriyyəsi və istifadəsinin hüquqi nəticələri barədə geniş məlumat verilib.
Tədbir interaktiv formada keçib, iştirakçıları maraqlandıran məsələlər ətrafında müzakirələr aparılıb və onların suallara ətraflı cavablarlandırılıb.




