Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2026-10-24,
Seanews
Heyder Eliyev

Azərbaycan Xəzər dənizinin dayazlaşmasının monitorinqi üçün hüquqi çərçivə hazırlayır

Azərbaycan Xəzər dənizində su səviyyəsinin sürətlə azalmasının monitorinqi və bu prosesə uyğunlaşma tədbirlərinin gücləndirilməsi məqsədilə regional əməkdaşlıq üzrə hüquqi çərçivənin bu ilin sonunadək hazırlanmasını planlaşdırır.

Bu barədə Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin Su İstifadəsinə və Mühafizəsinə Dövlət Nəzarəti Xidmətinin rəis müavini Əliağa Əzizov “Reuters” agentliyinə bildirib. Onun verdiyi məlumata əsasən, son beş ildə Xəzərin səviyyəsi təxminən 1 metr, son 10 ildə 1,5 metr, son 30 ildə isə 2,5 metr azalıb. Hazırda dəniz hər il 20–30 santimetr geri çəkilir.

Əliağa Əzizovun sözlərinə görə, bu prosesin əsas səbəbləri iqlim dəyişikliyi, yağıntıların azalması, temperaturun yüksəlməsi nəticəsində buxarlanmanın artması və Xəzəri qidalandıran çaylardan daxil olan su həcminin azalmasıdır.

Əzizov bildirib ki, su səviyyəsinin enməsi limanlar, gəmiçilik, balıqçılıq, sahilyanı turizm və dənizdəki neft-qaz infrastrukturu üçün əlavə risklər yaradır.

Hazırda Xəzəryanı beş dövlət ətraf mühitin qorunması sahəsində əməkdaşlığı gücləndirsə də, regionda tam fəaliyyət göstərən vahid monitorinq sistemi mövcud deyil. Hazırlanan hüquqi çərçivənin məlumat mübadiləsi, birgə elmi tədqiqatlar, proqnozlaşdırma və uyğunlaşma tədbirlərini əhatə etməsi nəzərdə tutulur.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır