Suya düşən avtomobil gəmi kanalının bağlanmasına səbəb olub
ABŞ-nin Texas ştatındakı Korpus Kristi gəmi kanalı avtomobilin suya düşməsi səbəbindən müvəqqəti olaraq bağlanıb.
“Seanews.az” xəbər verir ki, ABŞ Sahil Mühafizəsi hadisədən sonra ölkənin əsas enerji ixrac marşrutlarından biri olan kanalda gəmi hərəkətini dayandırıb.
Məlumata görə, hadisə yerli vaxtla səhər saatlarında baş verib. Bir nəfər sahildə avtomobillə təhlükəli manevrlər edərkən idarəetməni itirərək pikapı suya salıb. Nəticədə gün ərzində kanaldan xam neft, neft məhsulları və mayeləşdirilmiş təbii qaz (LNG) daşıyan tankerlərin hərəkəti dayanıb. Hadisə zamanı 11 tanker liman körpülərində dayanmış vəziyyətdə olub, daha 11 tanker isə lövbər dayanacağında növbəsini gözləyib.
Xilasetmə qrupları avtomobilin sudan çıxarılması üçün əməliyyata başlayıb. ABŞ Sahil Mühafizəsi kanalın günün sonuna qədər yenidən açılmasının gözlənildiyini bildirib.
Korpus Kristi limanı fəaliyyətini davam etdirsə də, gəmi kanalı ABŞ-nin xam neft ixracının təxminən yarısına, həmçinin ölkənin ən böyük LNG ixrac terminallarına xidmət göstərdiyindən, onun bağlanması enerji daşımalarına müvəqqəti də olsa, təsir göstərib. Buradan əsasən Permian və İql Ford şist rayonlarında hasil olunan neft, eləcə də LNG dünya bazarlarına ixrac edilir.


