Qaçırılan tankerin heyəti ilə bağlı beynəlxalq ictimaiyyətə təcili çağırış edilib
Regional dəniz təhlükəsizliyi qurumları iki aydan artıqdır silahlı quldurların nəzarətində olan Palau bayraqlı “Honour 25” tankerinin heyətinin xilas edilməsi üçün beynəlxalq ictimaiyyətə təcili çağırış edib.
“Seanews.az” xəbər verir ki, gəmi aprelin 24-də qaçırılıb. Kapitanın son məlumatına görə, 17 ekipaj üzvünün hamısı sağdır. Lakin onlardan beşi, o cümlədən kapitan sağlamlıq problemləri yaşayır. Heyətin ərzaq ehtiyatı yalnız düyü ilə məhdudlaşıb, mövcud su isə içməyə yararsız vəziyyətdədir.
Cibuti Davranış Kodeksi/Ciddə Dəyişikliyi çərçivəsində çıxış edən regional nümayəndələr vəziyyətin kritik həddə çatdığını bildirərək, gecikmənin ekipaj üzvlərinin həyatı üçün riskləri artıracağını vurğulayıblar.
Bəyanatda həmçinin oxşar şəraitdə girov saxlanılan “Sward” və “Eureka” gəmilərinin heyətlərinin taleyindən də narahatlıq ifadə olunub. Son məlumatlara görə, “Honour 25” gəmisini mühafizə edən quldurlar rəqib silahlı qrupla atışmaya girib və bu, dənizçiləri birbaşa təhlükə ilə üz-üzə qoyub.
Regional qurumlar Somalinin federal hökumətini, gəminin bayraq dövlətini, gəmi sahibini, sığortaçıları və beynəlxalq təşkilatları ekipajların dərhal azad edilməsi üçün diplomatik və əməliyyat səylərini gücləndirməyə çağırıb.
Mütəxəssislər bildirirlər ki, bu hadisələr Qərbi Hind okeanı və Ədən körfəzində dəniz quldurluğunun yenidən artdığını göstərir.


