Hörmüz böhranı kükürd daşıyan gəmilərdə korroziya riskini artırır
Dəniz məsləhətçi şirkəti “Brookes Bell” xəbərdarlıq edib ki, Hörmüz boğazındakı gərginlik səbəbindən Fars körfəzində uzun müddət gözləyən və kükürd yükü daşıyan balkerlərdə ciddi korroziya riski yaranıb.
“Seanews.az” xəbər verir ki, şirkətin məlumatına görə, xam kükürd daşınarkən yük anbarları əhəng məhlulu ilə qorunsa da, bu örtüyün təsiri adətən 20 gün davam edir. Bundan sonra isti və rütubətli şəraitdə kükürdün nəmlə reaksiyası nəticəsində yaranan turş mühit polad səthlərdə sürətli korroziyaya və dərin çuxurvari aşınmalara səbəb ola bilər.
“Brookes Bell”in dağıdıcı olmayan sınaqlar üzrə rəhbəri Arron Cəkəmən bildirib ki, Hörmüz böhranı səbəbindən bəzi gəmilər qoruyucu örtüyün nəzərdə tutulan müddətindən üç dəfə artıq vaxt yük ilə körfəzdə qalıb. Şirkətin apardığı yoxlamalarda cəmi 50 gün ərzində təxminən 6 millimetrə çatan korroziya izləri aşkar edilib ki, bu da gəminin konstruktiv elementlərinin təhlükəsizlik ehtiyatını əhəmiyyətli dərəcədə azalda bilər.
Bununla yanaşı, mütəxəssislər qeyd edirlər ki, kükürdün yaratdığı çuxurvari korroziya vizual baxış zamanı olduğundan daha ciddi görünə bilər. Buna görə də polad konstruksiyaların dəyişdirilməsi barədə qərar verilməzdən əvvəl dəqiq ölçmələrin və texniki qiymətləndirmənin aparılması tövsiyə olunur.

