Balina ABŞ-də yanğınsöndürmə xidmətinin qayığını batırıb
ABŞ-nin Nyu-Cersi ştatının Karteret Yanğınsöndürmə Departamentinə məxsus “Marine Unit 2” qayığı 4 İyul – Müstəqillik Günü tədbirlərində təhlükəsizliyin təmin olunmasına dəstək verdikdən sonra bazasına qayıdarkən balina ilə toqquşaraq batıb.
“Seanews.az” xəbər verir ki, insident yerli vaxtla saat 16:30 radələrində Raritan Bay körfəzinin girişində baş verib. Hadisə şahidlərinin sözlərinə görə, ərazidə bir neçə balina müşahidə olunurdu. Qayığın heyəti balinalardan birinin suyun üzünə çıxarkən gəminin arxa hissəsinə dəydiyini, nəticədə qayığın ciddi zədələnərək qısa müddətdə batmağa başladığını bildirib.
Xilasedici jiletlərdə olan heyət üzvləri suya düşüblər. Onlar yaxınlıqdakı hidrosiklet sürücüsü, digər qayıqçılar və yanğınsöndürmə departamentinin əməkdaşlarının köməyi ilə xilas ediliblər.
Hadisə nəticəsində xəsarət alan olmasa da, qayıq batıb.


