Bruklində iki tarixi şxuna bir neçə gün fərqlə batıb
ABŞ-nin Nyu-York şəhərinin Bruklin rayonunda yerləşən Red Huk estakadasında eyni şirkətə məxsus iki tarixi şxuna bir neçə gün fərqlə batıb.
“Seanews.az” xəbər verir ki, iyulun 1-də güclü külək və leysan zamanı 102 illik “Pilot” şxunası suya qərq olub. Xoşbəxtlikdən hadisə zamanı xəsarət alan olmayıb. Gəminin sahibi batmanın səbəbinin hələ müəyyən edilmədiyini, lakin şxunanın sudan çıxarılaraq bərpasının mümkün ola biləcəyini bildirib.
Bir neçə gün sonra isə 1900-cü ildə inşa edilmiş və öz tipinin son nümayəndəsi hesab edilən “Victory Chimes” şxunası da eyni estakadada batıb. Gəmi 2023-cü ildən bərpa üçün saxlanılırdı.
Məlumata görə, hər iki taxta gəmidə hadisədən əvvəl köhnəlmə və ciddi aşınma əlamətləri müşahidə olunurdu. Hazırda mütəxəssislər batmış gəmilərin vəziyyətini qiymətləndirir və onların sudan çıxarılması imkanlarını araşdırırlar.


