Vyetnamda turist qayığının çevrilməsi nəticəsində 15 Hindistan vətəndaşı həlak olub
Vyetnamın cənubundakı An Gianq əyaləti sahillərində turistləri daşıyan sürətli qayığın çevrilməsi nəticəsində 15 Hindistan vətəndaşı həlak olub.
“Seanews.az” xəbər verir ki, hadisə iyulun 11-də Phu Quok adası yaxınlığında baş verib. Məlumata görə, 32 hindistanlı turist, bələdçi və ekipaj üzvlərini daşıyan AG 26751 nömrəli qayıq əlverişsiz hava şəraiti və güclü dalğalarla qarşılaşdıqdan sonra çevrilib.
Hindistanın Hanoydakı səfirliyi 15 nəfərin həlak olduğunu təsdiqləyib. 17 sərnişin xəstəxanaya çatdırılıb. Onlardan 15-i artıq evə buraxılıb, iki nəfərin vəziyyətinin isə ağır olduğu bildirilir.
Hadisə ilə bağlı araşdırma aparılır. Qayığın həddindən artıq yüklənməsi ehtimalı ilə onun 57 yaşlı kapitanı polis tərəfindən saxlanılıb.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır



