Cənubi Koreya yeganə buzqıran tədqiqat gəmisini Arktika missiyasına göndərib
Cənubi Koreya Avropaya Arktika marşrutu üzrə müntəzəm dəniz xətti açmaq planı çərçivəsində yeganə buzqıran tədqiqat gəmisi “Araon"u 83 günlük elmi ekspedisiyaya göndərib.
“Seanews.az” xəbər verir ki, missiyanı dövlətə məxsus Koreya Qütb Tədqiqatları İnstitutu (KOPRI) və Okeanlar və Balıqçılıq Nazirliyi həyata keçirir. Gəmi Berinq, Şərqi Sibir və Çukçi dənizlərində, həmçinin Şimal Buzlu okeanının mərkəzi hissəsində iqlim dəyişikliyi, dəniz buzu, dəniz ekosistemləri və naviqasiya şəraiti ilə bağlı məlumatlar toplayacaq.
Bu məlumatların gələcək Arktika gəmiçiliyi üçün proqnozlaşdırma sistemlərinin təkmilləşdirilməsinə və Şimal Dəniz Marşrutu üzrə kommersiya daşımalarının inkişafına töhfə verəcəyi bildirilir.
Cənubi Koreya 2030-cu ilədək Arktika üzərindən Avropaya müntəzəm gəmiçilik marşrutu açmağı hədəfləyir. Ölkə eyni zamanda yeni nəsil buzqıran gəmilərin inşasına sərmayə yatıraraq qütb tədqiqatları sahəsində imkanlarını genişləndirir.


