Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2026-10-24,
Seanews
Heyder Eliyev

“Dənizçi şəhid ailələri ilə iş” layihəsi çərçivəsində növbəti tədbir keçirilib

Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “Dənizçilərə Sosial Dəstək” İctimai Birliyinin həyata keçirdiyi “Dənizçi şəhid ailələri ilə iş” layihəsi çərçivəsində ikinci tədbir baş tutub.

Tədbir “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin (ASCO) Xəzər Dəniz Neft Donanmasının (XDND) akt zalında keçirilib.

Əvvəlcə Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda canından keçmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, ardından Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

Tədbirdə Xəzər Dəniz Neft Donanmasının şəhid dənizçilərinin ailə üzvləri, müharibə iştirakçıları və əməkdaşları ilə yanaşı, XDND-nin rəis vəzifəsini müvəqqəti icra edən Azər Qasımov, Milli Məclisin deputatları Elman Nəsirov və Vüqar Rəhimzadə, Diaspor Fəaliyyətinə Jurnalistlərin Dəstəyi İctimai Birliyinin sədri Fuad Hüseynzadə, həmçinin veteran dənizçilər iştirak ediblər.

Tədbiri giriş sözü ilə açan “Dənizçilərə Sosial Dəstək” İctimai Birliyinin İdarə Heyətinin sədri, layihə rəhbəri, gəmi kapitanı və şair Faiq Balabəyli layihənin məqsədi və əhəmiyyəti barədə ətraflı məlumat verib. O bildirib ki, layihənin əsas məqsədi şəhid dənizçilərin ailələrinə sosial, hüquqi və mənəvi dəstəyin gücləndirilməsi, onların cəmiyyətlə daha sıx inteqrasiyasına töhfə verməkdir.

Faiq Balabəyli çıxışında XDND əməkdaşlarının 1988-ci il milli azadlıq hərəkatında, 20 Yanvar hadisələrində, Birinci Qarabağ müharibəsində və 44 günlük Vətən müharibəsində göstərdikləri fədakarlıq və qəhrəmanlıqdan bəhs edib. O, şəhid dənizçilərin xatirəsinin əbədiləşdirilməsi istiqamətində görülən işlərdən danışaraq, 10-dan artıq şəhid dənizçinin adının idarənin gəmilərinə verildiyini və bu istiqamətdə digər təşəbbüslərin də həyata keçirildiyini vurğulayıb.

Tədbirdə çıxış edənlər layihənin həyata keçirilməsini yüksək qiymətləndirərək, şəhid ailələrinin və qazilərin hər zaman dövlətin xüsusi diqqət mərkəzində olduğunu qeyd ediblər.

Şəhid ailələri adından çıxış edən şəhid Oqtay Vəliyevin həyat yoldaşı İradə Vəliyeva, şəhid İsgəndər Xankişiyevin bacısı Çimnaz Əsədova və şəhid İlyas Hüseynovun nəvəsi  Mədinə Hüseyn Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinə, ASCO-ya və “Dənizçilərə Sosial Dəstək” İctimai Birliyinə göstərilən diqqət və qayğıya görə minnətdarlıqlarını ifadə edib, təklif və arzularını səsləndiriblər.

Tədbirin sonunda layihə rəhbəri Faiq Balabəyli fəaliyyət planına uyğun olaraq layihə çərçivəsində nəzərdə tutulan bütün tədbirlərin ardıcıl şəkildə həyata keçiriləcəyini bildirib.

Sonda xatirə şəkilləri çəkdirilib, iştirakçılara hədiyyələr təqdim olunub.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır